lichess.org
Donate

Platonun Mağarası

Əgər dünya səni eşitməyi dayandırsa, səssiz torpağa deyin: mən axıram. (Rainer Maria Rilke)

Deyirlər ki, fəlsəfənin sevimli və qədim ustadı Platon filosof olmamışdan əvvəl şair olub; Qoyub getdiyi əsərlərdən süzülərək keçən təxəyyülü poeziyasının sübutudur. Platonun əsərləri əsrlər boyu səmavi dinlərin mənəvi formalaşmasında öz təsirini hiss etdirir.

O yazır:
Ön tərəfdə işığa açılan giriş.....
İnsanlar uşaqlıqdan ayaqları və boyunları zəncirlənmiş bu mağarada yaşayırlar.
Onlar nə hərəkət edə bilirlər, nə də burunlarının ucundan başqa heç nə görə bilmirlər.
Onlar o qədər sıx bağlanıblar ki, başlarını belə tərpədə bilmirlər.
Hündür yerdə yanan od onların arxasında parıldayır.
Məhkumlarla yanğın arasında sıldırım cığır var.
Bu yolda kukla ifaçılarının öz məharətlərini nümayiş etdirdiyi tamaşaçılarla öz aralarına qoyduğu arakəsmə kimi alçaq bir divar var.

Mağara insanın təhlükəsizlik axtarışının ən primitiv təyinatlarından biridir. Platon insanların yaşadığı bir yeraltı mağara xəyal edir.

İnsanların birlikdə yaşadığı mağaralardan başqa, hər bir insanın öz mağarası var. Heç kimin, çox vaxt özünün belə bilmədiyi, fərqində olmadığı duyğuları, qorxuları və ən əsası önyargılarını bəslədiyi, böyütdüyü, şüurunu uyuşdurduğu istixanadır. Son dərəcə qorunan, xarici aləmin reallıqlarını istədiyi kimi öz mağarasının şərtlərinə uyğun olaraq təhrif edib formalaşdırdığı bir filtr kimidir. Sadəcə yaşamaq üçün uyğunlaşma mexanizmi.

Platon bizə bu xəyali dünyada gördüyümüzün və ya bəlkə də gördüyümüz zənn etdiyimiz şeylərin sadəcə kölgə olduğunu söyləyir və öz tərzində, bizə öyrədilənlərə qarşı bizi xəbərdar edir. Bu kontekstdə şübhə insanın yeganə xilaskarıdır, bəlkə də bilinməyənə olan maraq da həmçinin. Kor-koranə izləmək əvəzinə şübhə və sorğu-sual etməyi bacarmaq. Bu, başqa tərəfdən baxmağa və empatiya qurmağa imkan verir.

Sonra Platon məhbuslardan birini xilas etmək istəyir, onu ayağa qaldırır, başını çevirib işığa baxmağa məcbur edir. Ta ki, gözləri qamaşana qədər, hətta sırf qamaşmaq üçün belə, hirsdən.

Həmin adamı yenidən mağaraya gətirir və bizdən soruşur ki, işığa öyrəşmiş gözlər bu dəfə qaranlığa dözə bilərmi, cavabı bəllidir.

İndi gördüyü dünya əvvəllər bildiyi dünya deyil. Qarşısında başqa bir qapı açıldı. O, nə başqalarının sevdiyi şeylərdən həzz alır, nə də onların çəkindiklərindən qorxur. Qazandıqları qazanc, bir-birlərinə verdikləri dəyərlər, şöhrət, reputasiya, mükafat və cəza. Cəhalət insanların gözünü elə bağlayır ki, aydınlatmaq istəyənləri dinləməz, onları uzaqlaşdırar, hətta öldürərlər. Necə ki, Sokratın da aqibəti belə olmuşdu. Onların hər biri indi bir illüziyadır, toxunduqca yoxa çıxan sabun köpüyü kimi. Amma digər tərəfdən onun indiki vəziyyətini başqalarına izah etmək mümkün deyil. Çünki kriteriyalar tamam başqadır. Belə insan nə sadə oyuncaqlarla özünə təsəlli verə, nə də ona deyilənləri kor-koranə qəbul edə bilər.

Platon o zaman bu nurani şəxsi dövlətin başına qoymaq istəyir. Onun fikrincə, dövlətin başında duran hökmdar filosof səriştəsinə malik olmalıdır. İdeal və fəzilətli dövlətə sahib olmağın yeganə yolu budur. Əks halda idarəetmədə “yaxşı” ideyasına nail olmaq mümkün deyil. Bəs belə bir inqilab mümkündürmü? Siyasətin çarəsiz çarxına ilişməyən, belə desək, canavar tələsində sağ qalacaq hər hansı bir fəzilət təsəvvür etmək olarmı? Axı siyasətin öz əxlaqı var idi, bu, başqa imza deyildimi? Burada dayanıb düşünməli deyilikmi? Makiavelli şahzadəsini və Platonun filosofunu KRALın qarşısına qoymaqla.

Platon mağarası insanların yaşadıqları ətraf dünyanı ifadə edir. Hissiyat orqanlarının köməkliyi ilə onlar elə bilirlər ki, ətrafda baş verən hər şeyi duyurlar.
Lakin belə həyat sadəcə illüziyadır. Real dünyadan onlara sadəcə dumanlı kölglələr gəlib çatır. Filosof özünə sual verməklə və cavab axtarmaqla digərlərinə nisbətən daha aydın bir təsəvvürə malik ola bilər. Real aləmi lazımınca duya bilməyən insanlarla bildiklərini bölüşmək filosof üçün mənasızdır.

Əslində Platon özünü tənqid edir və deyir ki, yaxşılıq ideyası ancaq dərk edilən dünyanın hüdudları daxilində mövcud ola bilər. Filosofun gözü dünyaya alışa bilmir, başqalarının iti gözləri ilə görə bildiyi və hesablamaqdan həzz aldığı şeylər, gündəlik təlaşlar filosofun gözünə bulanıq görünür. Görünən dünya aldadıcıdır, çünki aldanmaq istəyənlər üçündür. Halbuki filosofun vəziyyəti həm təqdirəlayiq, həm də acınacaqlıdır. O, işıqlı dünyadan gəlib qaranlığa öyrəşə bilmədiyi üçün çaşqındır, yoxsa işığın gözünü qamaşdırdığı üçün görmə qabiliyyəti bulanıqdır? İkisi arasında fərq varmı?Əgər belədirsə, onun mahiyyəti nədir?Bunu bilmək olarmı?

Nəhayət, Platonun filosofu qızılla zəngin yox, hikmət və fəzilətlə zəngin olmağı qarşısına məqsəd qoyur, başqa bir yolun yolçusu olduğunu sübut edir.

O, Cəhənnəmdən tanrılara yüksələn qəhrəmanlara bənzəyir. Ruhunun nəzərini zülmətdən işığa çevirdi. O, 'görünən'lə 'dərk edilən' arasındakı fərqi anlayan ilk varlıq oldu.

Qorxularına baxmayaraq və ya bəlkə də onların sayəsində, həqiqətə gözlərini yummağı seçdiyi kor bir mağara. Halbuki insan nə qədər etinasızlıq göstərməyə çalışsa da, həqiqət insanı bir sevgili kimi gözləyir. Bütün bu xaosun ortasında. Bəlkə səssiz, bəlkə qışqıraraq. Bəlkə uzaqlarda, bəlkə də öz itirilmiş labirintində.

B.P